“Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi bəyanat yayıb

Beynəlxalq jurnalist təşkilatlarına, dünya birliyinə

 

 Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı

                                                   BƏYANAT 

Ermənistan Respublikasının 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı başlatdığı etnik təmizləmə siyasəti 1991-1994-cü illərdə I Qarabağ müharibəsi və Azərbaycan Respublikasının 20 faiz torpaqlarının işğalı ilə nəticələnmişdir. Elan olunmamış müharibə və işğal müddətində xidməti vəzifəsini yerinə yetirən Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev və adları qeyd olunmayan onlarla jurnalist ermənilər tərəfindən öldürülmüşdür. 

2020-ci ildə baş tutan 44 günlük II Qarabağ müharibəsi Azərbaycan Respublikasının beynəlxalq müstəvidə rəsmən tanınan ərazi bütövlüyünün bərpası ilə başa çatsa da məğlub Ermənistan tərəfi düşmənçilik və milli zəmində münaqişəni davam etdirməyə cəhd edir. Belə ki, 10 noyabr 2020-ci il tarixli bəyanatla münaqişəyə son qoyulsa da Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarını tapdalamaqda israrlıdır. Münaqişənin bitməsindən ötən son 6 ay ərzində onlarla günahsız mülki şəxs mina partlayışlarının qurbanı olub. 

4 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Ermənistan növbəti hərbi cinayətini törətməklə 3 nəfərin ölümünə səbəb olmuşdur. Həlak olan şəxslərdən ikisi aktiv jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərdir. Onlardan biri Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov, digəri isə dövlət agentliyi olan “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovdur. 

“Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi olaraq, dünya ictimaiyyətindən, beynəlxalq jurnalist təşkilatlarındnan və eləcə də bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, onlar Ermənistan hərbi-siyasi rəhbərliyindən minaların xəritəsini Azərbaycan tərəfinə verməsini tələb etsinlər. Münaqişənin başa çatmasından sonra ermənilərin bu cür qeyri-humanist addımlarını və rəsmi İrəvanın özünü “karlığa”, “korluğa” vurmasını qətiyyətlə pisləyərək, dünya ictimaiyyətinin Qafqazda davamlı sülh olması naminə sözdə deyil, əməldə hərəkətə keçməsini tələb edirik! Bir daha bəyan edirik ki, Qarabağda və işğaldan azad olunan ətraf rayonlarda Ermənistan tərəfindən yerləşdirilən minalar təkcə azərbaycanlı jurnalistlər və mülki şəxslər üçün deyil, eləcə də bölgəyə xidməti ezamiyyətə gələcək bütün beynəlxalq nümayəndələr üçün təhlükə mənbəyi olaraq qalır.       

 

 


Paylaş