Gələcək naminə imza atın - İctimai xadimlər hər kəsi petisiyaya qoşulmağa dəvət etdilər - FOTOLAR

Ermənistanın minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsi üçün qaldırılmış petisiya ilə bağlı bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində tədbir keçirilib. Eurasia Diary xəbər verir ki, tədbirdə BAMF-ın prezidenti Umud Mirzəyev, Azərbaycan Minadan zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək“ İB-nin sədri Məmmədhəsən Həsənov, tanınmış ictimai xadimlər Çingiz Abdullayev, Azər Qəribov, israilli beynəlxalq ekspert Arye Qut və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Umud Mirzəyev bildirib ki, Azərbaycanın 10 noyabr anlaşmasının imzalanmasından sonra üzləşdiyi ən böyük problem işğaldan azad olunmuş ərazilərin minalarla çirklənməsi ilə bağlıdır:

  

“Azad olunmuş ərazilərdə infrastrukturun bərpası, yolların və işıq xətlərinin çəkilməsi, əhalinin geriyə dönüşünü ləngidən ən böyük problem məhz ərazilərin minalarla çirklənməsi problemidir. Bu məsələ ilə bağlı ölkə Prezidentinin dəfələrlə müraciəti olub. Eyni zamanda, Azərbaycan Xarici İşlər naziri Ermənistana müraciət edib ki, minalanmış ərazilərin xəritələri təhvil verilsin. Lakin Ermənistan müxtəlif dividentlər qazanmaq üçün bu məsələni bazarlıq predmetinə çevirib. Bu da regionda bərpa işlərinin görülməsinə çox mənfi təsir edir. Kapitulyasiya aktı imzalandıqdan bu günə kimi rəsmi məlumata görə, 85-dən yuxarı insident baş verib, xeyli sayda insan həyatını itirib və yaralanıb. Martın 25-də beş qeyri-hökumət təşkilatı beynəlxalq təşkilatlara müraciət ünvanladı. Aprelin 4-də qeyd edilən Mina marifləndirilməsi günü ilə bağlı Tərtər, Ağdam və Füzuliyə səfər etdik. Həmin yerlərdə minalardan çirklənmə dərəcəsini öz gözlərimizlə gördük. Təsəvvür edin ki, vəhşi düşmən təkcə binalarımızı, abidələrimizi, məktəblərimizi dağıtmayıb. Eyni zamanda, ətrafı mina ilə çirklənən böyük bir baryer yaradıblar. Aprelin 8-də petisiya başlatdıq. Ermənistana təsir etmək üçün beynəlxalq təşkilatlara, vətəndaş cəmiyyəti qurumlarına müraciət etdik. Bu günə qədər petisiyanı 12 mindən çox insan imzalayıb, hədd 15 mindir. 20 mindən yuxarı insan petisiyanı paylaşıb. Bu insanlar petisiyanın yayılmasını istəyir və imzalamaq istəyir. Ancaq görünür, imza atmaq məsələsində müəyyən problemlər var ki, onlar imza ata bilmirlər”.

Daha sonra çıxış edən Çingiz Abdullayev ermənilərin hələ də revanş arzusunda olduqlarını, ancaq bunun heç vaxt alınmayacağını deyib:

“Prezidentimiz də dəfələrlə deyib ki, bu məsələ həmişəlik bağlandı. Ancaq müharibə qurtarmaqla hər şey bitmir. Cəmi 4-5 ayda 85 insan mina qurbanı olub və belə getsə bu say artacaq. Mina çirklənməsi geniş ərazini əhatə edir və Ermənistan tərəfi mina xəritələrini verməkdən imtina etməklə təxribata əl atır. Onlar çox yaxşı başa düşürlər ki, minalanmış ərazilərdə dinc insanlar, uşaqlar, qadınlar, qocalar öləcək. Ermənilər minaları xüsusilə qəbiristanlıq və məscidlərin yanında basdırıb. Mən 1964-cü ildə valideynlərimlə Lvovda olarkən bir uşaq İkinci Dünya müharibəsindən qalma minaya düşərək öldü. Bu, 20 ildən sonra müharibədən qalan mina idi. İndi bizdə də eyni proses gedir və biz bu məsələyə biganə qala bilmərik, hamımız ciddi yanaşmalıyıq. Sabah harada yaşamamızdan asılı olmayaraq, bu ərazilərə gedən qohumlarımız, uşaqlarımız, yaxınlarımız ola bilər. Artıq dəfələrlə deyilib: Qarabağ Azərbaycandır və bura müqəddəs torpaqdır. Mən istərdim ki, bu müqəddəs torpaqda daha heç kim ölməsin. İstərdim heç vaxt müharibə olmasın, torpaqlarımızı itirməyək və onları məcburən silahla qaytarmayaq, şəhid verməyək. Qonşularımız da bunu dərk etməlidir”.

Tədbirdə iştirak edən tanınmış bloqer Azər Qəribov bildirib ki, Ermənistan və ermənilər tarix boyu özlərini mədəni xalq kimi təqdim ediblər:

“Müasir dövrdə ən qəddar ordular belə, işğal etdikləri ərazilərdə nəsə yaradırlar. Ermənilər isə heç nə yaratmayıb, yalnız dağıdıb, söküb, oğurlayıb və barbarlıq ediblər. Digərləri ağac əkəndə, onlar torpağı minalayıblar. Bu bir daha Ermənistanın mədəni dəyərlərdən nə qədər uzaq olmasının bariz nümunəsidir. Bütün dünya görür ki, onlar nə qədər qəddar, anti-bəşəri əməllərə əl atırlar. Bizim borcumuz odur ki, bu barbarlığı və qəddarlığı dünyaya çatdıraq. Mən hamını bu petisiyanıya imza atmağa çağırıram. Onlar xəritələri versələr də, verməsələr də Azərbaycan adlı qatar artıq yoldadır və onu saxlamaq qeyri-mümkündür. İmza ataq və dəstək olaq”.

Tədbirə Zəngilandan video vasitəsilə qoşulan israilli ekspert Arye Qut bildirib ki, dağıdılmış ərazilərə şahid olub: “Ermənilər bu yerləri dağıtmaqdan, qətliamdan başqa heç nə axtarmayıblar. Məqsəd Azərbaycan xalqının qüruruna toxunmaq olub. Hər addımda mina təhlükəsi var. Mən hər kəsi bu petisiyaya qoşulmağa çağırıram”.

Daha sonra ictimai xadimlər petisiyaya qoşularaq, ictimaiyyətə müraciət ediblər.


Paylaş