“QHT Nəşriyyatı” zərərlə işlədiyinə görə fəaliyyətini dayandırır - Direktordan müsahibə

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təsis etdiyi “QHT Nəşriyyatı” MMC 9 illik faliyyətini dayandırmaq qərarına gəlib. Nəşriyyatın direktoru Rafiq Hüseynovdan aldığımız müsahibədə yaranan bu vəziyyətə aydınlıq gətirməyə çalışdıq. 

 

- Rafiq müəllim, QHT Nəşriyyatı yaradılmasının məqsədi nə idi və onun fəaliyyəti necə təşkil olunmuşdu? 

 

- “QHT Nəşriyyatı” MMC-ni 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təsis edib. Həmin dövrdən mən “QHT Nəşriyyatı” MMC-nin direktoru təyin olunmuşam. Şura ilk gündən etibarən mənim qarşımda konkret vəzifələr qoydu. Bu, ilk növbədə QHT nəşrlərinin keyfiyyətinin artırılması, çap işləri sahəsində QHT-lər rahat imkanların yaradılması, nəşriyyata əlavə sifarişlər cəlb etməklə nəşriyyatın gəlirlə işləməsini təmin etmək və əldə olunan gəlirdən QHT-lər üçün pulsuz çap işləri həyata keçirmək və QHT-lərə dəstək olmaq kimi məsələləri əhatə edirdi. Bu istiqamətdə biz işə başladıq. Əlbəttə, ən çox ümid bəslədiyimiz QHT-lərin sifarişləri idi. Nəşriyyat yarandığı ilk illərdə QHT sifarişlərinin sayı çox olmasa da normal idi. Biz ilk illərdə əldə olunan gəlirdən QHT sifarişini pulsuz yerinə yetirərək kitablar da çap etdik. Sonrakı illərdə isə QHT-lərin sifarişləri azalmağa başladı. 

 

- Bu nə ilə bağlı idi, çapla bağlı keyfiyyət tələbləri onları qane etmirdi, yoxsa başqa səbəblər vardı? 

 

- Bilirsiniz, burada müəyyən dərəcədə hər iki amil var idi. Çapın keyfiyyətinin artırılması tələbi bəzi QHT-ləri razı salmırdı. Çünki Şura nəşrlərin keyfiyyətinin artırılmasını bizim qarşımızda əsas şərt qoymuşdu. Biz nəşrləri bəzi QHT-lərin adət etdiyi formada, yəni keyfiyyətsiz çap etməkdən imtina edirdik. Əlbəttə ki, bu da öz növbəsində nəşrin qiymətinə təsir göstərirdi. O ki qaldı sifarişlərin vaxtında yerinə yetirilməsinə, bu sahədə heç bir problemlər olmayıb. Digər səbəblər də var. Buraya, həmçinin bizim QHT-dən nəşrin Şura ilə QHT arasında imzalanan müqavilədə göstərilən sayda çap edilməsini tələb etməyimiz də önəmli yer tutur. 

 

- Tələb olunan saydan az çap etmələrini istəyirdilər?

 

- Mən QHT-lərin nəşrlə bağlı istəklərini bilsəm də, bunun bu qaydada olmasını da söyləmək istəmirəm. Ona görə ki, QHT-lər arasında öz işinə məsuliyyətlə yanaşan, nəşr işlərinə böyük diqqət yetirən təşkilatlar çoxdur. Burada söhbət bəzi QHT-lərdən gedir. Hansı ki, "QHT Nəşriyyatı"nı tənqid edərək xidmətin onlar üçün əlverişli olmadığını söyləyirdilər.  Bu "qeyri-əlverişliliyin" nə olmasını isə az öncə açıqladım. 

 

- Qeyd etdiyiniz kimi, əlavə sifarişlərin cəlb olunması da qarşınızda vəzifə olaraq qoyulub. Bu istiqamətdə hansı addımları atmısınız? 

 

- Əlbəttə, nəşriyyatı tək QHT sifarişləri ilə saxlamaq çox çətin məsələdir. Biz ayrı-ayrı özəl şirkətlərlə əlaqələr yaradaraq onlara nəşriyyatımız barədə məlumat verirdik və sifarişlər əldə etməyə çalışırdıq. Amma bu gün ötən 10 illə müqayisədə nəşriyyat bazarı ölkəmizdə çox inkişaf edib. Müasir mətbəə texniki avadanlıqları olan iri müəssisələr fəaliyyət göstərir. Belə olan halda bizim kimi kiçik müəssisələr rəqabətə tap gətirmir.

 

- İndi nəşriyyatın durumu nə yerdədir, sifarişləriniz varmı? 

 

- Mətbəə avadanlıqları xüsusi qulluq tələb edən avadanlıqlardır. Onların ehtiyat hissələri xaricdən gətirilir və qiyməti də çox baha başa gəlir. Sifarişlərin normal olduğu ilk illərdə biz avadanlıqlara da yaxşı qulluq edirdik, onların ehtiyat hissələrini vaxtında dəyişir və aşınmaya məruz qalmasına yol vermirdik. Sifarişlərin azalması bu xidmətlərin də vaxtında həyata keçirilməsini çətinləşdirdi. Həm də mətbəənin saxlanması təkcə avadanlıqlara qulluqla bitmir. Burada müasir mətbəə avadanlıqlarını və çap maşınını işlədə bilən mütəxəssislərdə böyük rol oynayır. Həmin mütəxəssislərə çox böyük tələbat var və onlara normal qaydada əmək haqqı vermək lazımdır. Bütövlükdə bütün bunların saxlanması əlbəttə ki, davamlı sifarişlərin olması ilə mümkündür. Sifarişlər isə ilbəil azalır son üç ilə nəzər salsaq 2018-ci ildə 30-dan çox, 2019-cu ildə 20-dən çox olub. 2020-ci ildə isə ümumiyyətlə QHT-lərin çap sifarişləri olmayıb. Bu dövrlərdə yalnız Şuraya aid nəşrlərin çapı həyata keçirilib. 

 

- Sifarişlərin kəskin azalması fonunda nəşriyyatın gələcək fəaliyyəti ilə bağlı nə düşünürsünüz? 

 

- Yaranmış vəziyyətlə əlaqədar Şura Katibliyinə müraciət etmişik. Mətbəə avadanlıqlarının hazırkı vəziyyəti barədə arayış təqdim etmişik. Arayışda avadanlığın fiziki aşınması və texniki baxımdan köhnəlməsi, sıradan çıxmış avadanlıqların təmirinin baha başa gəlməsi, hissə və detallarının aşınması, texniki avadanlıqların fəaliyyətini təmin edən əməliyyat sisteminin köhnəlməsi, istehsal zamanı itkilərin çoxalması və s. səbəblər göstərilərək nəşriyyatın mənfəətlə işləmə ehtimal çox aşağı olduğunu qeyd etmişik. Bu problemin həlli üçün ya dövlət dotasiya verməli, hansı ki, real deyil, ya da nəşriyyat fəaliyyətini dayandırmalıdır. Mövcud reallığı nəzərə alaraq, təklif etmişik ki, nəşriyyat fəaliyyətini dayandırsın. Hazırda müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə “QHT Nəşriyyatı” MMC-nin ləğv edilməsi prosedurlarına başlanılıb.

 

Eldar Orucov


Paylaş