Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər

Əkrəm Bəydəmirli

 

 

Bu gün media ilə bağlı məqamlar çox haqlı olaraq müzakirə mövzusudur. Çünki bu sahədə ciddi problemlər uzun illərdir ki, həllinİ tapmır.  Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı Prezidentin sərəncamından sonra  bu sahədə müzakirələr xeyli artıb. Vaxtılə  KİVDF yaradılan zaman həmin quruma böyük ümidlər yaranmışdı. Təəssüf ki, bu ümidlər doğrulmadı. 

 

Əlqərəz keçmişi qamçılamaq yox, keçmişdən ibrət dərsi götürmək lazımdı. 

Mediada proseslərin gedişatı və narahatedici reallıqlarla bağlı bəzi məqamlara nəzər salmaq istərdim. Ümumiyyətlə, media sisteminin təmərküzləşməsinə,  bu sahədə  davamlı islahatların aparılmasına böyük ehtiyac var.

 

 

Ənənəvi medianın problemləri ilə bağlı çox danışılıb, yazılıb. Çap mətbuatı haqqında səslənən bədbin proqnozlar sonda reallığa çevrilir. Bu gün deyəsən, çap mətbuatı ilə bağlı vəziyyətdən çıxmaq üçün heç  Əlləddinin sehirli çırağı da  köməyə gəlməyəcək. Dünyada olduğu kimi Azərbaycanda da qəzetlərin  perspektivi gündən-günə azalır. Rentabelliyini itirən bu sahəyə sərmayə yatırmağa ehtiyac varmı? 

 

Kimin necə düşünməsindən asılı olmayaraq  media özü-özlüyündə  bir biznes sahəsidir. Yəni məhsul bazarın tələblərinə uyğun olmalıdır. Tələb və təklif bir-birini  tənzimləməlidir.  Əlqərəz, bugün qəzet var, onun satışı  isə yoxdur. Məhsul satılmırsa deməli, bu biznes sahəsi rentabelliyini itirəcək.

 

Normal iqtisadi mühitdə belədir ki, hər bir məhsul istehsal olunarkən  marketoloqlar ilk öncə bazarı  öyrənib təlabatı müəyyən edirlər. Hərçənd ki, bizdə  marketinq-təhlil mərkəzlərinin yetərincə oturuşmaması  tək qəzet bazarında deyil, digər sahələrdə də  özünü göstərir. Bəzi insanlar  düşünürdülər ki, elektron kitabxanalar yarandığına görə, kitablar satılmaycaq. Ancaq araşdıranda görürük  çap olunmuş kitablar alınır, oxunur

Bəs, çap olunmuş qəzetlər niyə satılmır?  Bunun səbəbləri təbii ki, çoxdur.

 

Bu gün baş verən hadisələr haqqında məlumatları internet saytlarından elə həmin andaca əldə edirik. Bu eşitdiyimiz, oxuduğumuz  məlumatları olduğu kimi sabah qəzetlər çap edir. O zaman belə sual  yaranır, bu, qəzeti mən niyə  almalıyam?  Bəlkə də mən səhv edirəm. Qənaətim belədir ki, qəzet satışında yaranan problemlərin bir qismi bundan qaynaqlanır.  Tezliklə  qəzetlərin sıradan çıxması  özü-özlüyündə ciddi itki olar. Ona görə də, çap mətbuatının perspektivi  naminə bir sıra addımlar atılmalıdır.

 

Qəzetə  bazar  elementi kimi baxaraq daha fərqli yanaşmalar tətbiq olunmalıdir. 

Dövlətə yük olan bəzi çap mətbuatının (bir sıra qəzetlərin) birləşdirilməsi effektli olar. Bundan əlavə  qəzetlər daha çox səhifəli, jurnal formatına uyğun, zəngin yazılarla oxucunun görüşünə gəlməlidir. Necəki oxucu dəyəri olan kitaba pul verir, eləcə də, internetdə tapa bilmədiyi, geniş həcmli, cəmiyyəti düşündürən məqalənin çap olunduğu qəzetə pul verəcək. Həmçinin paytaxtda və regionlarda qəzet yayımı, satışı ilə bağlı mövcud problemlər həllin tapmalıdır.

     

Onu da unutmaq olmaz ki, cəmiyyətdə çox mənfi imici olan reket jurnalistikasına  qarşı aparılan mübarizənin metodologiyası dəyişməlidir. Bu məsələlər hüquqi müstəvidə həllini tapmalıdır.  Hərçənd ki, bu gün mətbuatın əsas problemi reket jurnalistikası deyil. Problemi doğuran  səbəblər aradan qalxdıqca reketçilikdə  öz həllini tapar. 

 

Ötən illər  ərzində Mətbuat Şurası  reket jurnalistikasının  qarşısını almağa çalışaraq  papağını günə verdi. Reket jurnalistikası var. Haqlı olaraq onları ifşa etmək lazımdır. Əslində onların məsələsi  hüquq mühafizə orqanlarının  məşğul olacağı sahədir. 

                               

Həmçinin medianın savadlanması məsələsi üzərində düşünmək lazımdır. Çünki zaman- zaman çox intellektli insanlar media sahəsini incidilərək və yaxud başqa səbəblərdən tərk edib. Əvəzində  təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur. Əlqərəz fədakar,  öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman  qələmini və  qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin dövlətimizin strateji maraqları naminə  medianın maddı  texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı  formalaşmalıdır.

 

Medianın iqtisadiyyatı müstəqil reklam bazarının inkişafı ilə bağlıdır. Ona görə  hədəf  reklam bazarının problemlərinə yönəlməlidir. Azərbaycanın media qurumlarının təmsilçiləri reklam bazarının darlığından, reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Təəssüf  ki, belə problemlər çox dərinləşib. Əslində Azərbaycanın iqtisadi inkişaf tendensiyasına  reklam bazarının hazırkı göstəriciləri  uyğun gəlmir.

 

Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. “Reklam haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.  Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərin mütəmadi olaraq reytinq göstəricisini göstərilməklə bərabər onlara maksimum güzəştlərin tətbiqi zəruridir.

 


Paylaş