“Nənəmə Təbrik Məktubu” müsabiqəsinə yekun vurulub

Nüfuzlu beynəlxalq təşkilat – İCESCO-nun İslam aləmində “Qadın İli” elan etdiyi 2021-ci ilin əlamətdar günü ərəfəsindəyik. Hər birimiz böyük sevgi və məhəbbətlə ülvilik, zəriflik və gözəllik rəmzi olan qadınları – analarımızı və bacılarımızı, ömür-gün yoldaşlarımızı və ağbirçək nənələrimizi, xanım həmkarlarımızı və sevgililərimizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, həyatımızın bəzəyi olan bu incə varlıqlara öz hörmət və ehtiramımızı dilə gətirir, arzu və istəklərimizi onlarla bölüşürük.


Bizə həyatı bəxş edən, gecə-gündüz nazımızı çəkib qayğımıza qalan, böyüdüb-bəsləyən və tərbiyələbdirən analar nənələrimizi müqəddəs varlıq kimi dəyərləndirmək hər birimizin borcu, onları sağlam və gümrah, şən və xoşbəxt görmək hər birimizin arzusudur. 
İllər keçir, zaman öz axarı ilə bizi ömür yolumuza şirinlik qatan uşaqlıq dövründən uzaqlaşdırır. Amma ağbirçəklərə olan sevgi və ülvi məhəbbət dəyişməzdir. Həm də tükənməzdir. Onların qabarlı əllərini ovcumuza alıb isidirik, ağ saçlarına sığal çəkirik... Ömrünü övladlarına həsr etmiş analarımıza, həyat yolunu nəvə şıltaqlığı bəzəmiş nənələrimizə sevgimiz sonsuzdur, ölçülməzdir.    


8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin “Harry Potter” Tədris Mərkəzinin iştirakı ilə uşaqlar arasında “Nənəmə təbrik məktubu” mövzusunda təşkil etdiyi inşa yazı müsabiqəsi yetişməkdə olan nəslin ahıl yaşlı insanlara sevgi və ehtiramını bir daha nümayiş etdirdi. Müsabiqədə məktəblilər və təlim-tədris mərkəzlərinin şagirdləri, hətta kövrək barmaqları yenicə qələm tutmuş azyaşlı uşaqlar iştirak etdilər. İctimai Birliyin ziyalılardan ibarət münsiflər heyətinə təqdim edilmiş yazılarda uşaqların sevimli və qayğıkeş nənələrinə ünvanladıqları duyğu və düşüncələr, arzu və istəklər ifadə olunur, minnətdarlıq hissi öz əksini tapır.


Tədris Mərkəzində keçirilmiş yekun tədbirində İctimai Birliyin sədri Ruhiyyə Məmmədova və Mərkəzin müdiri Zahra Baxışova müsabiqənin qaliblərinə - maraqlı məzmunda təbrik məktubları ilə fərqlənmiş 3-cü sinif şagirdi İsmayıl İsayevə I dərəcəli, 4-cü sinif şagirdi Xanım İmanovaya II dərəcəli, 2-ci sinif şagirdi Marineke Marsinkeviçə III dərəcəli diplomlar, nənəsinə bayram təbrikini çiçək təsvirləri ilə bəzəmiş beşyaşlı Rüqəyya Mətləbliyə tərifnamə təqdim ediblər.

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri 

  

Fotolar

Paylaş